Bakı, AzerVoice, Orxan Qədirzadə
Suriya Prezidenti Əhməd Əş-Şəraa ABŞ-ın “Chevron” şirkəti ilə ölkənin qərb sahillərində neft və təbii qaz ehtiyatlarının kəşfiyyatı sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib. AzerVoice xəbər verir ki, görüş barədə məlumatı rəsmi SANA agentliyi yayıb.
Agentliyin məlumatına görə, Dəməşqdə keçirilən iclasda Suriya Neft Şirkəti (SPC) ilə “Chevron” arasında dəniz akvatoriyasında birgə kəşfiyyat işlərinin texniki, hüquqi və iqtisadi aspektləri qiymətləndirilib. Tərəflər layihənin həyata keçirilməsi üçün tələb olunan infrastruktur, investisiya mexanizmləri və hüquqi çərçivə ilə bağlı ilkin razılaşmalar aparıblar.
İclasda ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Tomas Barrak, Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani, SPC-nin baş direktoru Yusif Qablavi, “Chevron” şirkətinin vitse-prezidenti Rank Maunt və regional inkişaf direktoru Co Kox da iştirak ediblər.
Rəsmi açıqlamaya görə, tərəflər yaxın vaxtlarda əməkdaşlıq imkanlarının genişləndirilməsi və geoloji qiymətləndirmə işlərinə başlanması ilə bağlı əlavə görüşlərin keçirilməsini planlaşdırır.