Bakı, AzerVoice
Bu gün gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb.
AzerVoice xəbər verir ki, hadisə ilə bağlı dünya media orqanları fərqli açıqlamalar verib.
Əl-Ərəbiyyə kanalının məlumatına görə, HƏMAS lideri İsmayıl Haniyə və mühafizəçisi gecə saat 2 radələrində (Tehran vaxtı ilə) raket zərbəsi ilə öldürülüb.
Əl-Cəzirə kanalı, İsmayıl Haniyənin təkcə hərəkatın siyasi rəhbəri deyil, həm də Qəzzada müharibəyə son qoya biləcək danışıqların lider olduğunu bildirib.
İslami Cihad hərəkatı liderinin müavini Məhəmməd əl-Hindi bu sui-qəsdin təkcə Fələstin müqavimətinə və xüsusilə HƏMAS-a qarşı deyil, həm də İrana qarşı yönəlmiş olduğunu söyləyib.
HƏMAS hadisə ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada "İslami Müqavimət Hərəkatı, HƏMAS, böyük Fələstin xalqımız, ərəb və islam milləti və dünyadakı bütün azad insanlar üçün yas tutur. Hərəkatın rəhbəri və döyüşçü qardaşımız İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına xain sionist hava hücumu nəticəsində şəhid olub. Şübhəsiz ki, biz Allaha məxsusuq və Ona da qayıdacağıq.", - deyə qeyd edilir.
Qüdsün azadlığı uğrunda açıq şəkildə müharibə apardıqlarını və müxtəlif bədəllər ödəməyə hazır olduqlarını deyən HƏMAS lideri Sami Əbu Zuhri, "HƏMAS elə bir qurum və ideologiyadır ki, onun liderlərindən hər hansı birinin öldürülməsindən təsirlənməyəcək."- deyə qeyd edib.
Qeyd edək ki, İsrail ordusunun nümayəndələri HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsi ilə bağlı xəbərlərə şərh verməkdən imtina ediblər. Onlar “xarici media xəbərlərinə cavab vermədiklərini” bildiriblər.
İsrailin baş naziri Netanyahu isə öz nazirlərinə Haniyənin öldürülməsi ilə bağlı şərh verməməyi tapşırıb.
Həmçinin, İsrail KİV -də İsmayıl Haniyənin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Mossad tərəfindən izlənildiyi qeyd olunub.
Fələstin prezidenti Mahmud Abbas hadisə ilə bağlı açıqlama verərək, “Biz HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin öldürülməsini qətiyyətlə pisləyirik. Biz İsrail işğalı qarşısında birliyə, səbirli və qətiyyətli olmağa çağırırıq”,-deyə qeyd edib.
Fələstin Administrasiyasının (Fəth) rəsmisi Hüseyn əl-Şeyx isə, “Biz HƏMAS Siyasi Bürosunun rəhbəri, komandir İsmayıl Haniyənin öldürülməsini qətiyyətlə pisləyirik. Biz bunu qorxaq bir hərəkət kimi qiymətləndiririk ki, bu da bizi işğala qarşı daha dözümlü olmağa, dayanmağa çağırır. Biz Fələstin qüvvələrinin və fraksiyalarının birliyinə nail olmalıyıq”,- deyə öz açıqlamasında bildirib.
Qeyd edək ki, Türkiyə XİN də İsmayıl Haniyənin öldürülməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda sui-qəsdi lənətlədiklərini, Fələstin xalqına başsağlığı verdiklərini və İsrailin sülh yolunda necə bir maneə olduğunu ifadə ediblər.
Rusiya Xarici İşlər Nazirliyi isə, İsmayıl Haniyənin öldürülməsinin qətiyyən qəbuledilməz olduğunu bildirib.