Bakı. AzerVoice:
İsrail ordusu Qəzzanın müxtəlif nöqtələrinə təşkil etdiyi hücumlarda çoxlu sayda insanı öldürüb.
AzerVoice-un məlumatına görə, İsrail ordusu xalqı ac-susuz qalmağa məcbur edərək humanitar fəlakətə səbəb olduğu Qəzza zolağına hücumlarını 131-ci gündür davam etdirir.
Səhiyyə mənbələri Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində bir evin hədəf alındığını, Deyrul Belahın şərqində isə bir mövqenin vurulduğunu bildirib.
Hücumlarda qadın və uşaqların da olduğu çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilib.
İsrail helikopterlərinin cənubdakı Xan Yunis şəhərinin Əl-Karara bölgəsinə atəş açdığı, Əl-Meqazi Qaçqınlar Düşərgəsinin şərqinə də intensiv atəş açıldığı bildirilib.
İsrail qüvvələrinin Qəzza şəhərinin şimalındakı Əl-Cəla küçəsində mülki avtomobili hədəf alması nəticəsində aralarında qadın və uşaqların da olduğu altı nəfər həyatını itirib.
Qəzzanın Əz-Zeytun rayonunda Əli bin Əbi Talib məscidi ətrafının İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_