Əsas səhifə » İsrail Suriyanın cənubunda ərəb qəbilələrini hədəf alıb

İsrail Suriyanın cənubunda ərəb qəbilələrini hədəf alıb

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriya cənubunda, Suveyda və Dəraa vilayətlərinin sərhədində yerləşən ərəb qəbilələrinin könüllü dəstələrinin mövqelərinə hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə “Sham TV” telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar Busrə əl-Hərir bölgəsində yerləşən və son dövrlər silahlı toqquşmalara səhnə olmuş ərazilərdən qaçan mülki şəxslər üçün yaradılmış humanitar dəhliz və keçid məntəqəsinin ətrafına yönəlib.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice