BAKI, AzerVoice
Suriyanın Suveyda vilayətində tərəflər tam şəkildə atəşkəsə riayət etməyə başlayıb və əsirlərin mübadiləsinə hazırlaşırlar.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrak "X" sosial şəbəkəsində yazıb.
"Münaqişənin bütün tərəfləri tam atəşkəs rejiminə keçdilər. Davamlı deeskalasiyaya aparan növbəti mühüm addım əsirlərin və girovların mübadiləsi olacaq. Hazırda bununla bağlı hazırlıq işləri aparılır" – deyə, Barrak bildirib.
Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.
16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.