BAKI,AzerVoice
İslahatçıların keçmiş prezidenti Məhəmməd Xatəmi, İranın Ali Lideri Əli Xameneinin əvvəlki bəyanatlarına qarşı çıxaraq, ABŞ ilə danışıqlar aparmağa dolayı yolla çağırış edib.AzerVoice xəbər verir ki, Xatəmi islahatçı fəallarla görüşdə bildirib ki: "Danışıqlar və dialoq düşmənin təzyiqlərinə boyun əymək demək deyil." O, ABŞ-ın adını çəkməsə də, bu açıqlama Vaşinqtonla mümkün dialoqa işarə kimi qiymətləndirilib.
Xatəmi ölkədəki vəziyyətin ürəkaçan olmadığını etiraf edərək,
islahatçıların dəstəklədiyi prezident Məsud Pezeşkianı
günahlandırmaqdan imtina edib.
"Pezeşkian bu vəziyyəti yaratmayıb. Bu, illər öncə
qəbul edilən yanaşmaların nəticəsidir."-deyə o
bildirib.
O, mövcud problemlərdə həm xarici düşmənlərin müdaxiləsini, həm də daxili amilləri qeyd edib: "Özümüzdən də soruşmalıyıq: nə etdik? Bu vəziyyətin qarşısını ala bilərdikmi?"
Xatəmi əlavə edib ki, "ölkənin maraqları tələb edərsə, danışıqlara açıq olmaq lazımdır. Bu, düşmən qarşısında təslim olmaq deyil, milli maraqlar naminə imkanların təmin edilməsidir."
Digər tərəfdən, mühafizəkar qanad Xatəminin çıxışlarına sərt reaksiya verib. Mühafizəkar ideoloq Məhəmməd Cavad Laricani bildirib: "ABŞ yalnız İran müstəqilliyinə zərər verəcək güzəştlər qarşılığında sanksiyaları qaldırar." O, danışıqların olmamasının müharibəyə səbəb olacağı iddialarını zəif arqument adlandırıb.
Laricani əlavə edib ki, "İran sanksiyaların təsirini tədricən azalda bilər və buna alternativ yollar var." O, Rusiya ilə strateji əməkdaşlıq sazişini "böyük nailiyyət" adlandıraraq, Çinlə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
"Keyhan" qəzeti isə Xatəminin İran xalqının maraqlarını deyil, "ABŞ prezidenti Donald Trampın komandasının maraqlarını təmsil etdiyini" iddia edib.