Bakı. AzerVoice:
Müstəqil Fələstin dövləti olmadan İsraillə diplomatik əlaqə qurulmayacaq.
AzerVoice-nin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığın Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
Nazirlik bildirib ki, İsrailin Qəzza zolağına “təcavüzü” dayandırılmayana və İsrailin bütün işğalçı qüvvələri Qəzzadan çəkilənə qədər heç bir diplomatik münasibətlər olmayacaq.
“Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Krallığı ilə Amerika Birləşmiş Ştatları arasında Ərəb-İsrail sülh prosesi ilə bağlı müzakirələrə və ABŞ-ın Milli Təhlükəsizlik Sözçüsünə aid edilənlər fonunda bildirib ki, Xarici İşlər Nazirliyi təsdiq edir ki, Səudiyyə Ərəbistanı Krallığının mövqeyi Fələstin məsələsində və qardaş Fələstin xalqının qanuni hüquqlarını əldə etməsi zərurətində həmişə sabit olub”. - deyə bəyanatda qeyd edilib.
Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, Bayden administrasiyası Səudiyyə Ərəbistanı və İsrailin normallaşdırma müzakirələrini davam etdirməyə hazır olduqlarına dair müsbət rəy alıb.
Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanının körfəzdəki qonşuları, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 2020-ci ildə İbrahim razılaşmasına əsasən İsraillə əlaqələr qurub.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.
Hafiz Rufizoğlu