Bakı. AzerVoice:
İsrail blokadası nəticəsində minlərlə vətəndaşın həyatı təhlükədədir.
AzerVoice-nin məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra deyib.
“İsrail ordusu Nasir tibb kompleksinin blokadasını gücləndirir və onun ətrafında hücuma yönəliblər. Bu fəaliyyət 300 tibb işçisinin, 450 yaralının və 10.000 köçkünün həyatını təhlükə altına qoyur.” - deyə o qeyd edib.
Əl-Qudra bildirib ki, Qəzzada tibbi ləvazimatların çatışmamazlığı yaşanır.
“Nasir Tibb Kompleksində elektrik generatorları yanacaq çatışmazlığı səbəbindən 4 gün ərzində fəaliyyətini dayandıracaq. Kompleksin tibb işçiləri, yaralılar və məcburi köçkünlər qidasız qalıb.” - deyə o qeyd edib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.
Hafiz Rufizoğlu