BAKI, AzerVoice
13 noyabr 2015-ci ildə “İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının xüsusi hüceyrəsi Parisdə ardıcıl terror hücumları həyata keçirib. Partlayışlar və silahlı hücumlar nəticəsində 131 nəfər həlak olub, 400-dən çox adam yaralanıb. Bu hadisə II Dünya müharibəsindən bəri Fransada ən qanlı gün, eyni zamanda İŞİD-in Avropada törətdiyi ən ağır terror əməliyyatı kimi tarixə düşüb.
Həmin il Fransa və digər ölkələr artıq bir sıra böyük terror hücumları ilə sarsılmışdı.
Yanvar ayında “Əl-Qaidə Ərəbistan yarımadasında” adlı qruplaşma Parisdə beş ayrı terror aktı həyata keçirmişdi. Ən qanlı hücum satirik “Charlie Hebdo” redaksiyasında baş vermişdi. “Charlie Hebdo” İslam və müsəlmanların karikaturasını Yayan sözdə demokratik bir jurnaldır.
Növbəti aylarda ekstrimistlər Nitsadakı yəhudi mərkəzini hədəfə almışdı.
Avqustda Amsterdam–Paris qatarında hücum planlaşdıran silahlı şəxs sərnişinlər tərəfindən zərərsizləşdirilmişdi.
31 oktyabrda isə İŞİD Sankt-Peterburqa uçan “Metrojet 9268” təyyarəsini partlatdığını bildirmiş, 224 nəfər həlak olmuşdu.
13 noyabr hücumları Parisin şimalındakı “Stad de Frans” stadionunda baş verən ardıcıl intihar partlayışları ilə başlayıb. Həmin vaxt Fransanın milli komandası Almaniyaya qarşı yoldaşlıq oyunu keçirirdi və prezident Fransua Olland tribunada idi. Bir nəfər həlak olub, lakin kamikadzelərin stadionun içərisinə daxil ola bilməməsi daha böyük faciənin qarşısını alıb.
Daha sonra şəhər mərkəzinə doğru restoranlara silahlı hücumlar və partlayışlar baş verib. Sonuncu və ən ağır hücum isə “Bataklan” teatrında keçirilən konsert zamanı törədilib - terrorçular izdihamı atəşə tutaraq yüzlərlə insanı girov götürüb. Təxminən iki saat davam edən əməliyyatdan sonra Fransız xüsusi qüvvələri binaya daxil olub və üç hücumçunu zərərsizləşdirib.
Fransanın cavabı və əməliyyatlar
Hadisələrdən sonra ölkədə fövqəladə vəziyyət elan olunub, hökumət İŞİD-ə qarşı hava zərbələrini gücləndirib. 18 noyabrda Paris və ətrafında aparılan xüsusi əməliyyatlar zamanı hücumların əsas təşkilatçısı hesab edilən Abdelhamid Abaaoud öldürülüb. O, həm Belçika, həm də Mərakeş vətəndaşı idi. Parisdə iştirak edən doqquz terrorçudan yeddisinin Fransa və ya Belçika vətəndaşı olduğu müəyyənləşdirilib.
Hücumların təşkilatçıları İŞİD-in Brüssel şəbəkəsi ilə əlaqəli idilər. Həmin şəbəkə 2016-cı ilin martında Brüsseldə hava limanında və metroda həyata keçirilən intihar hücumlarını da koordinasiya etmişdi.
2016–2017-ci illərdə Fransada tək və ya iki nəfərdən ibarət hücumçular tərəfindən İŞİD-dən ilhamlanan ayrı-ayrı hücumlar törədilsə də, 2015-ci il Paris qətliamı Avropada İŞİD-in ən genişmiqyaslı əməliyyatı olaraq qalır.